azeriler.de - Politik, Gesellschaft und Wirtschaft

Azerbaijan - Avstriya

Azerbaijan - Avstriya

Azərbaycan və Avstriya arasında əməkdaşlıq əlaqələri genişlənir

Aprelin 19-da Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov Avstriya Konstitusiya Məhkəməsinin sədr müavini Bricit Birleyn ilə görüş keçirdi. Qonağı parlamentdə salamlayan Z.Əsgərov Azərbaycan və Avstriya arasında siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələrin inkişaf etdiyini bildirdi.
Dövlət müstəqilliyi əldə etdikdən sonra Azərbaycan ilk Kostitusiyasını 1995-ci ildə qəbul edib - deyən Milli Məclis sədrinin birinci müavini ölkəmizdə həyata keçirilən hüquqi islahatlardan danışdı. Onun sözlərinə görə, Avropa ekspertlərinin tövsiyələri də nəzərə alınmaqla parlamentdə "Konstitusiya Məhkəməsi haqqında" qanun qəbul olunub. Bundan sonra isə Konstitusiya Məhkəməsi formalaşdırılıb. Qanunda insan hüqüq və azadlıqlarının qorunması əsas məsələ kimi qoyulub.
Z.Əsgərov Konstitusiya Məhkəməsinin Avropa Məhkəməsi, Venesiya Komissiyası ilə də faydalı əməkdaşlıq etdiyini bildirdi. Qeyd olundu ki, Avstriyanın da qabaqcıl təcrübəsindən istifadə olunur. Ölkəmizdə məhkəmə sahəsində islahatların uğurla davam etdirilməsi üçün hüquqi baza var.
Avstriya Konstitusiya Məhkəməsinin sədr müavini Bricit Birleyn səmimi görüş üçün minnətdarlığını ifadə etdi. Azərbaycanda qısa vaxt ərzində demokratiyanın inkişafı sahəsində böyük uğurların əldə olunmasından məmnunluqla danışdı. İki ölkə arasında əməkdaşlq əlaqələrinin də inkişafından razılığını bildirdi.
B.Birleyn hər iki ölkənin konstitusiya məhkəmələrinin oxşar cəhətlərinin olduğunu və gələcəkdə də əməkdaşlığın gücləndirilməsinin tərəfdarı kimi çıxış etdi.
Sonda tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi apardılar.

"Azərbaycan"